Valyuta məzənnəsi

Bakıda “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm sərgisi açılıb

Tarix:31-03-2019, 12:32

Bakıda “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm sərgisi açılıbMartın 30-da Gəncliyə Yardım Fondunda (GYF) “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm əsərlərindən ibarət sərgi açılıb. Rəsmlər Qarabağa, Aprel döyüşlərinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbir GYF, Azərbaycan Rəssamlar İttifaqı və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin (İB) dəstəyi ilə keçirilib.

Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İB-nin sədri Emin Həsənli tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Üç il bundan əvvəl baş verən Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanda yeni nəsil yetişib və düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə işğaldan azad edəcək. Biz belə sərgiləri mütləq Xocalıda, Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərimizdə keçirəcəyik”.

Sərginin çox önəmli olduğunu söyləyən GYF-nin prezidenti Əhməd Tecin bildirib ki, bu gün həm də 31 mart şəhidlərimizi yad edirik. Aprel hadisələri bir daha onu göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə qadirdir. İnanırıq ki, ürəyində vətən sevgisi, torpaq sevgisi olan gənclər Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaqlar.

Sonra sərgiyə baxış olub.

Sərgidə Qarabağ qazisi, rəssam Əliyusif Pənahovun rəsmləri diqqəti daha çox cəlb edib. Onun “Çingiz Mustafayev” və “Zəhra” əsərləri hər bir iştirakçını bu rəsmlərin önündə ayaq saxlamağa vadar edib.

Qeyd edək ki, tədbirdə 50 rəssamın təsviri sənətin müxtəlif növlərini əhatə edən 100-ə yaxın əsəri nümayiş olunub.

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Oxunub: 300



XƏBƏR LENTİ