Valyuta məzənnəsi

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir

Tarix:3-05-2019, 13:34

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirirAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi artıq 2 ildir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində mərkəz tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib. Monitorinqlər zamanı 4 817 nəfər yoxlanılıb və bu işçilərdən 1 115 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 268 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 79-u üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 3 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.25 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində reallaşdırılan yoxlama tədbirləri ilə yanaşı əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviq edilməsinə yönəlik müxtəlif təbliğat və maarifləndirmə tədbirləri də həyata keçirilir. Son 2 il ərzində mərkəz Bakı şəhərində yerləşən 250-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirib. Görüşlər zamanı qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib.

Həyata keçirilən yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 40 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 10 faizə qədər azalıb.

Keçirilmiş 128 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 51 000 əmək müqaviləsi imzalanıb.

Ötən 2 il ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan podratçı şirkətlərin malik olduğu əmək müqaviləsi sayında təxminən 2 dəfəyə yaxın artım müşahidə edilib. Belə ki, mərkəzin yaradıldığı dövrdə bir podratçı şirkət orta hesabla 36 əmək müqaviləsinə malik idisə, hazırda bu göstərici 71 əmək müqaviləsidir.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır. İşəgötürənlərə əmək münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Oxunub: 295



XƏBƏR LENTİ