“Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.
YeniAN.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”.
***
22:43
Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.
APA-nın məlumatına görə, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda, Dərnəgül ətrafında, Nərimanov və Xətai rayonlarında hiss olunduğu qeyd edilir.
Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.
YeniAN.info