Türkiyədə Antalyanın Manavqat rayonunda baş verən yanğında tüstüdən zəhərlənərək xəstəxanaya aparılan 50-dən çox insan evə buraxılıb, 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
YeniAN.az APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, 8 saat davam edən yanğın hazırda nəzarət altına alınmaqdadır.
Nazir bildirib ki, ağır yaralanan şəxs yanğınsöndürmə xidmətində çalışa sürücüdür, o, su tankerinin olduğu avtomobilin qəzaya uğrayaraq çevrilməsi nəticəsində yaralanıb. B.Pakdemirli qeyd edib ki, bu gün Türkiyədə ümumlikdə 28 yerdə yanğınla mübarizə aparılır, Adana, Kadirli, Karaisalı və Mersində də yanğınlar hələ davam edir.
Antalya Böyük Şəhər Bələdiyyə sədri Mühittin Böcek indiyədək Türkiyədə bu miqyasda yanğın görmədiyini deyib və bu hadisənin qərəzlə törədildiyi ehtimalının olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin məşhur turistik ərazisi olan Manavqatda yanğın şəhərin mərkəzinə qədər yayılıb, rayonun bəzi kəndləri və kənd təsərrüfatı sahələri tamamilə yanaraq yararsız hala düşüb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və mədəniyyət, turizm naziri Mehmet Nuri Ersoy da hazırda Antalyadadır.
YeniAN.az