Valyuta məzənnəsi

TARİXÇİLƏR DÜNYANIN YEDDİ MÖCÜZƏSİ HAQQINDA BİZƏ NƏLƏRİ DEYİR?

Tarix:13-03-2020, 19:32

TARİXÇİLƏR DÜNYANIN YEDDİ MÖCÜZƏSİ HAQQINDA BİZƏ NƏLƏRİ DEYİR?

XXI əsrin əvvəllərində möcüzələrdən yazmaq o qədər də asan məsələ deyil. Cəsur insan fantaziyası ilə yaradılmışları hazırkı dövrdə müasirlərimizə çatdırmaq xeyli çətindir. Əgər on illər bundan əvvəl insanın kosmik raketdən istifadə etməsi təkrarolunmaz cəsarət sayılırdısa, lakin indi elmin inkişafı elə şərait yaradır ki, insan artıq özü sərbəst kosmik fəzaya çıxa bilir. Hətta, sabah insanın Aydan da uzaqda olan yüksəklikləri zəbt etməsi gələcək insanlar üçün adi hal sayılacaq.
Məqsədimiz sizə dünyanın qədim yeddi möcüzəsi haqda bilgi verməkdir. Bunun üçün biz həmin möcüzələrin hər biri haqqında ayrıca danışacağıq. Dünyanın yeddi möcüzəsi aşağıdakılardır – Misir piramidaları, Semiramidanın (Babilin) asma bağları, Efesli ilahə Artemidanın məbədi, Olimpli Zevsin heykəli, Qalikarnas mavzoleyi, Rodos nəhəngi, Faros adasındakı İskəndəriyyə mayakı.
İlkin olaraq əsasən dünyanın möcüzələri haqqında məlumatların bizim dövrə haradan gəlib çıxması ilə məlumatlanaq.
İlk dəfə dünya möcüzələri haqqında məlumatlara biz Bizanslı Filonun yazılarında rast gəlirik. Filon haqqında bizə çox az məlumat gəlib çatıb. Yazılarından məlum olur ki, o, Bizans şəhərində anadan olub və yaxud da orada yaşayıb. Onun nə vaxt doğulması və vəfat etməsi, necə görünməsi, nə ilə özünə çörək pulu qazanması haqqında məlumatımız yoxdur. Güman edilir ki, o, imperator I Konstantinin (bizim eranın 306-337-ci illəri) taxta çıxması dövründən əvvəl yaşayıb. Çünki, I Konstantin Bizansı Poma imperiyasının paytaxtı elan edərək şəhərin adını dəyişdirir və Konstantinopol adlandırır. Daha sonralar türklər tərəfindən fəth edilən şəhər İstambul adı ilə tanınır. Lakin, bəzi tədqiqatçılar Filonun çox əvvəllər yaşadığını iddia edir. Ancaq bizə çatan onun 12 səhifəlik “Dünyanın yeddi möcüzəsi” əsəridir. Bu kiçik əlyazma vasitəsilə biz onu da öyrənirik ki, Filon özü bu möcüzələrin heç birini öz gözüylə görməyib və onlar haqqında başqalarının danışdıqlarından istifadə etməklə yazıb.
Filonun yazılarını ilk dəfə 1816-cı ildə isveçrəli Kaspar Orelli tərcümə edib. Orelli həmçinin aydınlaşdırıb ki, Filon dünyanın möcüzələrini o qədər də yüksək qiymətləndirməyib, bizə adi elmi məlumat kimi çatdırıb. Lakin, Filon dünyanın möcüzəsini insanın öz daxili aləmində, ruhunda görür. Bununla əlaqədar olaraq tədqiqatçılar dünya möcüzələri haqqında məlumatları əsasən Herodotun, Strabonun, Diadorun, Pavsaniyanın və digər antik müəlliflərin yazılarından götürüblər. Eyni zamanda, müasir arxeoloqlar bu işlə daha düzgün məşğul olublar.
Tsitseron Herodotu “tarixin atası” adlandırıb. Doğrudan da, Herodot bəşəriyyətin ilk tarixçisidir. O, b.e.ə. 484-cü ildə, Kiçik Asiya sahillərində yerləşən Qalikarnas şəhərində anadan olub. Herodot gəncliyində siyasətlə məşğul olub, demokratların mövqeyini dəstəkləyərək tiraniyaya qarşı çıxış edib, nəticədə onu həbs və ya sürgünlə hədələyiblər. Onda o, müəyyən müddətə səyahətə çıxır və ticarətlə məşğul olmağa başlayır. Lakin, ticarət onu o qədər də özünə cəlb edə bilmir. Herodot əsas qüvvəsini dünyanı gəzməyə sərf edir. Belə ki, o dünyanın çox hissəsində olur və olduğu şəhərlərin keçmişi, orada yaşayan insanlar, onların əcdadları haqqında çoxlu materiallar toplayır və həmin məlumatları yazmaqla məşğul olur. Bu formada onun “Tarix” adlı doqquz kitabı yaranır. Onun birinci kitabında əsasən midiyalıların, farsların və qədim Yunanıstanın tarixindən danışılır. İkinci kitab Misirə aid edilib. Üçüncü kitabda Hindistan və Ərəbistandan, dördüncü kitabda isə qədim skiflərdən danışılır. Qalan beş kitabda isə yunan-iran müharibələrindən bəhs olunur.
Antik müəlliflər sırasında digər əsas yerlərdən birini “coğrafiyanın atası” sayılan Strabon tutur. Strabon yunan koloniyası olan, Qara dəniz sahilində yerləşən Amasi şəhərində anadan olub. Gəncliyində yaxşı təhsil alan Strabon biliyini təsdiq etmək üçün səyahətə çıxır. “Bütün ağ dünya”nı gəzən müəllif öz müşahidələrinə əsaslanaraq on yeddi cildlik “Coğrafiya” kitabını yazır. Strabon gözəl müşahidəçi olub və bu, Dunay sahillərindəki ölkələr haqqında yazılarından daha aydın görünür. Onun Misir və Mesopotamiya haqqında, digər Şərq əfsanələri və əsasən Semiramida haqqında yazıları çox maraqlıdır.
Antik yazıçılardan olan yunan Pavsaniy bizim eranın II əsrində yaşayıb. O, “Elladanın təsviri” əsərini yaradıb. Tale Pavsaniyaya qarşı ədalətsiz olub. Belə ki, XIX əsrin sonlarına qədər alimlər onun yazılarını ciddi qəbul etmirdilər. Yazıçını obyektiv olmamaqda suçlandırır, Qədim Yunanıstanın möhtəşəmliyi haqqında çox danışdığını, lakin Roma haqqında heç bir məlumat verməməkdə günahlandırırdılar. Onun heç bir əlyazmasında Roma xalqı haqqında bir cümlə belə işlənməməsi alimləri şübhələnməyə vadar edirdi. Alimlər hətta belə qənaətə gəlmişdilər ki, görəsən, Pavsaniy özü təsvir etdiyi yerlərdə olubmu? 1876-cı ildə ilk dəfə olaraq Pavsaniyin yazılarına əsaslanaraq Troya şəhərinin yerini təyin edən Henrix Şliman onun alimlər tərəfindən ciddi qəbul edilməsinə şərait yaratdı. Belə ki, H.Şliman Mikenaxda Aqamemnonun qəbrini qazıb çıxarır. Həmin vaxtdan etibarən elmi aləm Pavsaniyin yazılarına ciddi yanaşmağa başladı. Belə ki, Pavsaniy Arqolid körfəzinin sahilində yerləşən Tirinfa divarını dünyanın möcüzəsi adlandırır.
Herodot Babil qülləsini, Fərat çayı üzərindəki körpünü, Fayum oazisindəki labirinti dünyanın möcüzəsi kimi qələmə verir.
Romalı şair Martsial öz epiqramlarında Poma Kolizeyini dünyanın birinci möcüzəsi adlandırır.
Əvvəllər imperator Oktavian Avqustun qulu olan, sonralar kitabxanaçılıqla məşğul olan Gigin Ekbatan şəhərində İran çarı Kirin sarayını dünyanın möcüzəsi elan edib. Bu fikrə eyni zamanda pomalı müəllif Vibiy Sekvestr də gəlib.
Bizim eranın IV əsrində tarixçi və coğrafiyaçı Lutsiy Ampelliy hər dəfə yeddi möcüzənin adı olmaqla yeddi dəfə siyahı tərtib edib. Belə ki, onun hesablamasına görə siyahıda qırx doqquz adda möcüzə alınıb. Hətta İran və İraqda yerləşən neft qaynaqları kimi tanınan yerlər də bu siyahıya düşüb.
Bu cür sadalamanı biz uzada bilərik. Bura hətta Krit adasındakı Minos labirintini, Romada yerləşən Adrianın qəbrini, Roma Kapitoliyasını, Afinada Akropolu və kiçik Asiya şəhəri olan Perqamda yerləşən Zevsin məbədini də əlavə edə bilərik.
Dünya möcüzələri haqqında axırıncı yazan pomalı tarixçi Kassiodor və orta əsrlərdə ingiltərəli tarixçi Beda Dostopoçtennıy olub.
Müəyyən müddət keçəndən, orta əsrlərin tutqun kölgələri çəkiləndən sonra ilk dəfə olaraq dünya möcüzələri mövzusuna fransalı filoloq və arxeoloq Bernar de Monfokon qayıdıb. Gəncliyində rahib olan Monfokon, sonralar zabit olaraq özünü cəsur insan kimi tanıdır. 1967-ci ildə o, Yunanıstana gedir və orada antik dövrə aid böyük kolleksiya toplayır. İyirmi illik əmək sərf edərək topladıqlarını on cildlik “Antik dünyanın illüstrasiyalarla təsviri və izahı” kitabında yerləşdirir. Onun maraqlı kitabı “İtalyan gündəliyi” daha əsas götürülür. Həmin kitabın iyirminci fəslində antik yazılar əsasında bəşəriyyətin qəbul etdiyi dünyanın yeddi möcüzəsi olan - 1. Piramidalar, 2. Semiramidanın (Babilin) asma bağları, 3. Efesli ilahə Artemidanın məbədi, 4. Qalikarnas mavzoleyi, 5. Rodos nəhəngi, 6. İskəndəriyyə mayakı, 7. Olimpli Zevsin abidəsi – haqqında geniş məlumat verilib.
Bir-birinin ardınca yoxa çıxan yeddi möcüzənin, demək olar ki, əksəriyyəti dəniz sahilinə yaxın yerləşmişdir. Bu isə dəniz ticarəti yolundan istifadə edən bütün yolçuların onlar haqqında dünyanın hər yerində böyük maraqla danışmasına səbəb olmuşdur. Tarixi məlumatlardan görünür ki, bizim eradan əvvəl III əsrdən adları sadalanan dünyanın yeddi möcüzəsindən faktiki olaraq yaşadığımız dövrə canlı şəkildə ancaq möhtəşəm piramidalar gəlib çıxmışdır. Nahaq yerə demirlər ki, zaman piramidalardan qorxur.

Hazırladı: XURAMAN

YeniAN.info

Oxunub: 458



XƏBƏR LENTİ