Oktyabrın 9-da Daşkəsən Rayon İcra
Hakimiyyətinin dəstəyi "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 4-cü
ildönümü ilə əlaqədar daşkəsənli Birinci və İkinci Qarabağ müharibəsi
şəhidlərinin anaları ilə görüş təşkil olunub.
Şəhid
ailələri ilə görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan
Abbasov, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri,
"Yaşat” Fondunun Himayəçilik Şurasının üzvü, şəhid polkovnik-leytenant
Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, rayonun hüquq mühafizə
orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə
Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhid analarına dərin
hörmət və ehtiramını ifadə etdikdən sonra çıxışında vurğulayıb ki,
sərhəd bölgəsində yaşayan igid daşkəsənlilər də hər zaman Azərbaycanın
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də
arxa cəbhədə fəal iştirak etmiş, yüzlərlə gəncimiz qəhrəmancasına
vuruşmuşdur. Onlardan 64 nəfəri Birinci, 34 nəfəri isə İkinci Qarabağ
müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. İcra başçısı
diqqətə çatıdırıb ki, Prezident cənab İlham Əliyev və Birinci
vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən daşkəsənli
şəhidlərin ailələrinə də hər zaman xüsusi qayğı göstərilir, onların
sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi müxtəlif
tədbirlər həyata keçirilir.
"Zəfər”
Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova isə
qeyd edib ki, İctimai Birlik olaraq onlar da dövlətimizlə yanaşı şəhid
ailələrinin yanında olub hər cür kömək göstərməyə çalışırlar. Həmçinin
şəhidlərimizi tanıtmaq, xatirələrini daim uca tutmaq İctimai Birliyin
əsas amalıdır.
Çıxış
edən şəhid anaları onlara hər zaman göstərilən həssas münasibətə görə
Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb, dualar oxunub.
Görüşdə şəhid analarının müraciət və təklifləri də dinlənilib.