Valyuta məzənnəsi

"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq istəyir

Tarix:3-06-2021, 21:48

"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq istəyir

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərov deyib.

"Hazırda "Dostluq" yatağı üzrə danışıqlar aparılır, bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə "Lukoil" şirkətini bu işə cəlb etdiklərinə görə minnətdarıq. Növbəti hökumətlərarası saziş və hasilatın pay bölgüsü (PSA) müqaviləsi hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik, payı hələ bilmirik", - deyə V. Ələkbərov qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.

Bu ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın neft ehtiyatlarının təqribən 60 mln. ton, təbii qaz ehtiyatlarının isə 100 mlrd. kubmetr olduğu güman edilir.

YeniAN.az

Oxunub: 164



XƏBƏR LENTİ