Valyuta məzənnəsi

Ekspert: Dövlətimizin başçısı bu dəfə də öz vətəndaşını darda qoymadı

Tarix:29-03-2019, 16:34

Ekspert: Dövlətimizin başçısı bu dəfə də öz vətəndaşını darda qoymadıBakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlətimizin başçısının ölkədə cərəyan edən bütün proseslərə çevik reaksiyasının, vətəndaşların problemlərinə həssas və qayğıkeş münasibətinin, özəl sektora, sahibkarlığa verdiyi dəyərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, dünyanın heç bir ölkəsində dövlət təbii fəlakətlər və texnogen qəzalar zamanı vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsini öz üzərinə götürmür. Bu baxımdan, Azərbaycanda dövlətin təbii fəlakətlərdən və texnogen qəzalardan ziyan çəkən insanlara verdiyi dəstəyin ardıcıl xarakter daşıması nadir sosial hadisədir.

E.Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı yaranmış problemə münasibətdə yenə də konseptual yanaşma sərgilədi. Azərbaycan Prezidenti yanğından ziyan çəkən sahibkarların öz iş yerlərini, öz əmlaklarını itirdiklərini, onlara maddi ziyan dəydiyini, hətta bəzilərinin borc müqabilində aldıqları malları satışa çıxardıqlarını bildirdi. Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev yanğın nəticəsində ziyan çəkən vətəndaşların problemləri ilə bağlı müfəssəl və ən incə detallarınadək təhlil edilmiş informasiyaya malikdir və dövlət başçısının problemin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarların, verdiyi göstərişlərin əsasında ciddi analitik yanaşma dayanır. Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinə tapşırıq verdi ki, ticarət mərkəzində çalışan sahibkarların hər biri ilə fərdi qaydada görüş keçirilsin, onların problemləri dinlənilsin və onlara dəstək göstərilsin. Bu fərdi yanaşma Azərbaycan Prezidentinin insan amilinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Bu yanaşma kütləvi deyil, konkret şəxslərə və onların hər birinin ayrı-ayrılıqda fərqli olan problemlərinin həllinə yönələn yanaşmadır.

Dövlət başçısının ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafının böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlı olduğunu vurğulaması, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlətin hər zaman sahibkarların yanında olduğunu və bundan sonra da olacağını qeyd etməsi iş adamları üçün böyük stimuldur. Bu, həm də Prezidentin ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadi inkişafla bağlı strateji hədəflərini nümayiş etdirir.

“Azərbaycan Prezidenti çıxışında sığorta sahəsində olan boşluqlara da diqqət çəkdi. Bu, olduqca mühüm məqamdır. Çünki sığorta sahəsindəki boşluqları aradan qaldırmadan özəl sektorun dayanıqlı və ardıcıl inkişafına, vətəndaşların mülkiyyətinin təbii fəlakətlər və texnogen qəzalardan sığortalanmasına nail olmaq çətindir. Bu halda dövlət bütün ağırlığı öz üzərinə götürmək məcburiyyətində qalır. Sığorta sahəsindəki boşluqların aradan qaldırılması isə dövlət vəsaitlərinin digər sosial sahələrə yönəldilməsinə zəmin yarada bilər”, - deyə ekspert əlavə edib.

E.Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirə dövlət başçısının hər addımı ilə vətəndaşın yanında olduğunu bir daha sübuta yetirdi. Bir sözlə, dövlətimizin başçısı bu dəfə də öz vətəndaşını darda qoymadı.

Oxunub: 225



XƏBƏR LENTİ