Valyuta məzənnəsi

Gəncədə ermənilərin 30 il əvvəl Kəlbəcərin Başlıbel kəndində törətdiyi faciə anılıb - FOTO

Tarix:17-04-2023, 15:46

Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dinc sakinlərə qarşı həyata keçirdiyi qətliamla bağlı Gəncədə tədbir keçirilib.

YeniAN.az  xəbər verir ki, Gəncədə kəlbəcərlilərin məskunlaşdığı 1500 ailəlik qəsəbədə keçirilən anım tədbirində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, millət vəkili Aqil Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid ailələri, Başlıbel qətliamının şahidləri, rayon ağsaqqalları, ziyalılar, hüquq-mühafizə orqanlarının nümayəndələri, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilir.

 

Başlıbeldə ermənilərin törədikləri vəhşilikdən danışılıb, qətliam barədə slayd nümayiş etdirilib, çıxışlar olub.

 

Məlumat verilib ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.

 

Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərazisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub.

Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.

 

18 aprel 1993-cü ildə erməni hərbçilər 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq din insanlara qarşı dəhşətli qətliam törədiblər.

Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

 

2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib.

İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar.

 

Başlıbel qətliamının necə baş verdiyi, qətliamın tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyət, bundan sonrakı dövrdə atılması vacib olan addımlar haqda çıxışlar olub, müzakirələr aparılıb. Anım tədbirində "Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin və Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.Gəncədə ermənilərin 30 il əvvəl Kəlbəcərin Başlıbel kəndində törətdiyi faciə anılıb - FOTO Gəncədə ermənilərin 30 il əvvəl Kəlbəcərin Başlıbel kəndində törətdiyi faciə anılıb - FOTO Gəncədə ermənilərin 30 il əvvəl Kəlbəcərin Başlıbel kəndində törətdiyi faciə anılıb - FOTO

Oxunub: 72



XƏBƏR LENTİ